Moskvalıların qiyamı Ancaq Azərbaycanda - 8
İyn 25

Siyasi xəbərlər

Andreas Qross deyib ki, Azərbaycan hakimiyyəti qudurub. Sonra Azərbaycan hakimiyyəti cavab verib ki, qudurmamışam və Səməd Seyidovu (xalq artisti və toylar kralı Səməd yox, o birisi Səməd) göndərib onun dalınca Strasburqa. Tapşırıb ki, Qrossun yiyəsini tapsın və desin ki, Qrossuna yiyə dur. Səməd Seyidov da gedib Qrossun yiyəsini tapıb və hakimiyyət tapşıran sözləri ona deyib. Yiyə də öz növbəsində Qrossu tapıb və soruşub ki, niyə dilini dinc qoymursan? Qross da and içib ki, “iki balam ölsün, sabaha sağ çıxmayım, Həzrət Abbas mənə qənim olsun, əgər elə söz demişəmsə. Bu olsa-olsa tərcüməçinin səhvi olar.” Səməd Seyidov da bir daha şəhadət barmağını silkələyib ki, “bax aaa…”

İki nəfər millət vəkili gedib Yerevana. Erməni jurnalistləri də onları dolayıblar. Bizim jurnalistlər də onlardan soruşub ki, niyə icazə verirdiniz sizi dolasınlar? Vəkillərimiz deyib ki, əslində biz onları doladıq. Onlara yalandan dedik ki, “Sizi cırarıq!” Onlar da inandılar.

Dağlıq Qarabağ Azərbaycanlıları Məclisi bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Ermənilər bizim torpaqlarımızı tutanda elə bilirdik zarafat edirlər, indi başa düşdük ki, onlar hətta bizim evlərimizi də yandırırlar. Deyəsən ermənilərin fikri ciddidir. Biz onların və havadarlarının əməllərini qətiyyətlə pisləyirik!”

Döhtür Mahmudəli Çöhrəqani əvvəl gəldi Türkiyəyə. İsa Qəmbər də getdi Türkiyəyə ki, onunla söhbətləşsin. İsa bəy Türkiyəyə çatıb uçakdan düşən kimi ona dedilər ki, “əşi, bəs, döhtür Çöhrəqani elə indicə Bakıya uçdu ki, səni görsün”. İ.Qəmbər də onlara deyib ki, “adə, nə danışırsan, bəs mənə dedi ki, gəlim bura”. Sonra İsa bəy elə həmin uçakla da qayıtdı Bakıya. Bakıda da uçakdan enən kimi müsavatçılar dedilər ki, “bəy, doktor elə indicə uçdu Amerikaya”. Deyirlər İsa Qəmbər həmin an əsəbindən qəlyanını yandırıb və deyib ki, “bu da dolamağa adam tapıb ee…”


İqtisadi xəbərlər


Bu günlərdə İstanbulun Çırağan Sarayında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması ilə bağlı ilk rəsmi mərasim keçiriləcək. Ordakı yeyib-içmək məclisində bir xeyli hörmətli və qalstuklu adam iştirak edəcək. Qərara alınıb ki, səhər qonaqlar “paxmel” olsalar bir gün də İstanbulda qalacaqlar. Yox, olmasalar gedəcəklər Ceyhan limanına və burada keçirilən simvolik açılış mərasiminə qatılacaqlar. Sonra orda da güclü-yeyib içmək olacaq. Türkiyədəki quldur dəstələrindən birinin başçısı Kel Hasandan aldığımız məlumata görə tədbirin sonunda kəmərin son hissəsinə qızıl boru birləşdiriləcək. Kel Hasan müxbirimizin suallarını cavablandırarkən qeyd edib ki, “altın borunun sonrası bana ait…”

O gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Terhi Hakalanı qəbul edib. Komitədən aldığımız məlumata görə xanım Hakala xırda-para mal keçirtmək istəyir və görüş zamanı da gömrük “tasları”nın dəyişib-dəyişməməyi ilə maraqlanıb.

Bir-iki gün bundan qabaqdan etibarən Gəncə Avtomobil Zavodunun (GAZ) Naxçıvan Muxtar Respublikasında (NMR) daimi nümayəndəliyi fəaliyyətə başlayıb. Deyilənlərə görə bu dünyada yeganə nümayəndəlikdir ki, nümayəndəsi olduğu zavod nəinki avtomobil, heç avtoqələm də istehsal etmir.

Dünya xəbərləri


Bu yaxınlarda Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda görüşüblər. Bununla bağlı məlumat verən Gürcüstan parlamentinin sədri Nino Burcanadze “görüşdə ciddi insidentlərin qeydə alınmadığını” bildirmişdir. Müxbirimizin “Bəs niyə Mişa görüşdən çıxanda üst-başı cırılmışdı və yeni kostyum alacağından dəm vururdu” sualını cavablayan xanım Burcanadze “Eh, ona qalsa Rusiya gərək özünə yeni prezident alsın” deyə qeyd edib.

İran qəzetində respublikamızın prezidenti İlham Əliyevin karikaturası dərc olunub. Hörmətli və əzəmətli Şeyximizi tapdıq və soruşduq ki, “şeyx həzrətləri, bizim bir-iki cavan səhv edib Xomeynini eşşəyə bənzədəndə yaman əsəbiləşmişdin, indi nə oldun bəs?” Şeyx də (bir neçə ərəb cümləsindən sonra) dedi ki, “Əvvəla, onlar dəlidir, biz ağıllı, gəlin onlara baş qoşmayaq, sonra da ki, Xomeyni müqəddəsdir, İlham Əliyev isə yox”

M. Əhmədinejat istəyib ki, getsin Almaniyaya. Almanlar da soruşublar ki, “a kişi, sənin burda nə işin var?” Mahmud da deyib ki, “futbola baxmaq istəyirəm, mənə viza verin”. Almanlar deyib ki, “nə viza? Nə vaxt bizim yəhudiləri qırdığımıza şəhadət etsən, onda yadımıza sal, səni çağırarıq, gəlib bundesliqanın 1-2 oyununa baxıb, çıxıb gedərsən ev-eşiyinə”. M.Əhmədinejad da özünü sındırmayıb, İran jurnalistlərinə deyib ki, “almanlar əfəldir, stadionda baxmaqdansa televizorda baxaram, onda qolların təkrarını da görəcəm”. Sonra isə dişlərini ağardaraq gülümsəyib.

Mədəniyyət və Turizm xəbərləri


Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib ki, Anar da, Vasif Adıgözəlov da korifeylərdir. Qəzetlərdə onlar barədə nə qədər yazılırsa-yazılsın, bu onların başını daha da ucaldır. Bu deyilənlərlə əlaqədar Anardan və Vasif müəllimdən fikir öyrəndik. Hər ikisi qeyd etdilər ki, “bəli, biz korifeylərik, ikimizin də başımız ucalardadır.” Təəssüf ki, korifeylərimizə ünvanladığımız “bəs zürafələr?” sualı hər ikisi tərəfindən cavabsız qaldı.

Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumatda bildirilir ki, “turizm fəaliyyəti ilə məşğul olmaq üçün nazirliyə 3-4 dənə müraciət daxil olub.” Nazirliyin baş məsləhətçisi Bəxtiyar Qılıncov MANISPRESS`ə bildirib ki, turizm şirkətləri əsasən burdan Həccə, Həccdən də bura turist daşımaqla məşğuldurlar. Düzdür, əvvəllər bu işlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi məşğul olurdu. Amma onlar sözə baxmadıqları üçün indi bu biznesi bizim nazirlik ələ keçirəcək.

İdman və gənclər xəbərləri


Almaniyada futbol üzrə dünya çempionatı gedir. AFFA-nın başçısı Ramiz Mirzəyevdən Azərbaycan yığmasının niyə bu mötəbər turnirdə iştirak etməməsinin səbəblərini soruşduqda o, belə bir cavab verdi: “Dünya yerində, FİFA yerində, əvvəl-axır iştirak edəcəyik. Hara qaçacaqlar e, bizim əlimizdən? O ki, qaldı bu dəfəyə… hmmm… nə demək olar? Qismət!”

Tovuzun “Turan” klubunun Bakıdakı ofisində İdarə Heyətinin toplantısı keçirilib. Xeyli araşdırmadan sonra belə məlum oldu ki, Tovuzun “Turan” klubunun Tovuz rayonunda yerli-dibli ofisi yox imiş, ona görə burda toplanırlar. Klub rəhbərliyindən MANISPRESS`ə verilən açıqlamada bildirilib ki, rəhbərlik ucuzvari oyunçular axtarır. Həmçinin xahiş ediblər tanış-bilişdən soraqlaşaq ki, 15-51 yaş arasında olan və topa vura bilən adamlar varsa, gəlib müraciət etsinlər.

Deyirlər…

…«Araz 96» tikinti şirkətinin day-dayı elə güclü adamdır ki, Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilk dəfə olaraq məhz onların binalarındakı mənzillərə sertifikat verib…

…Zəlimxan Yaqub bərk “lomka”ya düşüb və hal-hazırda “Havalaneyrəm yavaş-yavaş” adlı poema üzərində işləyir…

…Paolo Pərvizin qayırdığı armaturla yaxşı diş qurdalamaq olar…

Redaksiyaya məktub


Hörmətli redaksiya!
Biz, qaçqın və məcburi köçkünlər arasından bir qrup zəhmətkeş və ziyalı bu yaxınlarda Çexiyada keçiriləcək 41-ci beynəlxalq kinofestivalda rejissor Eldar Quliyevin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş “Girov” filminin iştirak edəcəyini eşitdik və dərin qəzəblə hiddətləndik. Qeyd etmək istəyirik ki, biz o filmə baxmışıq və heç xoşumuza gəlməyib. Belə ki, o filmdə azərbaycanlı qadının öz evində erməni kişisini saxlaması səhnəsi var. Biz heç dünyanın düz vaxtında da evimizdə erməni kişi saxlamamışıq. Əgər Eldar müəllim saxlayıbsa, bu onun öz işidir və xahiş edirik ki, bizi öz oyununa qatmasın. Biz o filmin ölkəmizi təmsil etməsini qətiyyətlə qınayırıq və onun əvəzində gözlü-başlı filmin göndərilməsini tələb edirik. Əgər yuxarıda qeyd etdiyimiz kateqoriyada film yoxdursa, o zaman hökumət bir gözlü-başlı rejissor tapsın, o rejissor da adına layiq film çəksin!

İmza: Qaçqın və məcburi köçkünlər arasından bir qrup zəhmətkeş və ziyalı.
Cəmi: 750 833 imza.

Yazar: TinBala | Dosta göndər Dosta göndər | Çap et Çap et | 1 oxunma

Mövzuda cəmi 13 şərh var

  1. 123 yazıb:

    Yeri yoxdur :-?

  2. Anan yazıb:

    Eziz Tinsöhbeti Redaksiyasi ve Mahir Yazar TinBala,hazirladiginiz Manispres daha dogrusu azer-news-i oxuyub Dünyanin halindan ehval tutmaq cox yerine düshdü.Inaniram ki,diger hemvetenlerimiz de sen deyeni basha düshdü =D

  3. samili yazıb:

    a bala besdide cammati laga qoyduz sizin ishiniz gucunuz yoxmu heqiqet uze deyilir gedin heqiqeti olarain uzune deyin eger bacarirsinizsa yoxsa bosh bosh istehza etmekle guya tenqid edirsiniz?veziyyetiniz gulmelidi merd dalca dansihmaz uzune deyer eger merdsinizse bu meydan bu sheytan nece deyerl gorek hunerinizi!!!!! :-?

  4. Donna yazıb:

    Samili, sənə kim deyir ki, üzlərinə deyilməyib? Bu bir.
    İkincisi də KİV-də yayımlanan hər bir xəbər üzə deməkdir. İnternet də KİVdir. Burda yayımlanan heç bir şey arxasıyca danışmaq mənasına gəlmir.
    Bu yazı həm qəzetdə dərc olunur həm də net-də.
    Yoxsa siz KİV-nə arxasıyca danışanların məkanı kimi baxırsınız.
    Vay vayyyy…. :-)

  5. MANIS yazıb:

    Dostlar, artıq Azərbaycandan da tinimizə girə bilirik! Bütün tindaşlarımızı təbrik edirəm!
    MANISPRESS`ləri oxuyan və dəyərli fikirlərini bildirənlərə isə öz dərin təşəkkürlərimi bildirirəm.

  6. Adam yazıb:

    [Sitat alınan şərhin nömrəsi #1550]

    eseblesirem de bele adam danisanda. Ala, bes onda camaat kitab da yazmasin, qezet de buraxmasin da. Duzdu? Kiminse dalinca danismaq olur axi.

  7. beni adem yazıb:

    aye ,samilisen,nesen bilmirem,ne sefeh-sefeh danisirsan aye?
    ne huner gormek isteyirsen denen gosterek dana ,bele agillisan ,bele duzgunsen ,denen de duzunu,ay “giryetli” vetendash,ay men diyen.
    bir de,kime meydan,sheytan gosterirsen,hansi meydana isteyirsen denen gelim.bir yaxsi yaxsi fikirles dediklerivi ,men sexsen senin kimi vetendaslarin yerine utaniram.ele seni kimilerin ucbatinnan bu gune galmisig da.sozun var soz danis,yoxdusa illah da nese demek mecburiyyetinde deyilsen.

  8. Emi yazıb:

    Ay Tinsohbeti, duzdu bezi yazdiqlarin xoshma gelmir, herden shitlik eleyirsen amma seni yeniden efirdee gormeye shadam! ;))))))) Sene uzun omur arzulayiram! :-)

  9. TALISH yazıb:

    KLASS….
    Men birinci defedir buradayam… Sizi beyendim.. Yadima qeniyetmelik vaxti oxudugum Ceshme dushdu..
    Size ugurlar!
    SUKANI (ISHVERENI DEMIREM HAAA) BELE SAXLA!! =D

  10. Aida yazıb:

    Sizin sayta ilk defedir geldim ve olduqca memnun qaldim. Prikollariniz, tenqidleriniz, “Yalniz Azerbaycanda” rubrikaniz lap urekden tikan chirair ve s……
    Umudvaram bu sepkide davam edib bizi de feyziyab edeceksiniz.
    Size ugurlar :-) :x

  11. generation future yazıb:

    salamlarin en gozeli sizlerin uzerinize olsun…bezen kefim yaxsi olmayanda sizin bu letifeleri oxuyuram ve sozun esl menasinda lezzet eleyir…Amma Vasif ve Anar beyle bagli bu cur yazilar yazmag biz Azerbaycan genclerine yarasmaz…Cunki onlar bizim maarifcilerimizdi..Qiymetlerini bilmeliyik…
    hormetle

  12. kaspiana yazıb:

    Salamlar.men dunen nedense ne musavata,tinsohbetine,kiv.az sayttarina gire bilmirdim.lap darixchilig idi.yeni az.nan hech bir xeber yoxdu.neise bu gun bextim getirib busayta asanligla girdim amma o biri saittar yerli-dibli yoxdu.siz bilersiz, o sayttari neyniyibler? :-? xahish edirem bilen varsa bir iki xeber yazsin.

  13. Mugan yazıb:

    Son derece xahish edirem Istedadli ushaqlara menasiz iradlarinizla manecilik toretmeyesiz.Eyer kimise yazib tenqid etmek dalinca danishmaq sayilirsa onda Sabir ,C.Memmedquluzade, Baba Punhana maarifciler yox, qiybetciler deyerdiler de…

AzeriBlog - milli blog sistemi

Şərh Yazın