Siyasi xəbərlər
Azərbaycan prezidenti İlham Əliyev hər il iyunun 23-nün Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Prezident qeyd edib ki, sərəncamın imzalanmasının əsas məqsədi heç olmasa ildə bir gün məmurların rüşvət almasının qarşısının alınmasıdır.
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andreas Herkelin ölkəmizə artıq 47-ci dəfə gəlmələrini bilən kimi onları axtarmağa başladıq. Sonra belə məlum oldu ki, Andreasların ikisi də şəhər kənarındakı bağ evlərinin birində kabab çəkməklə məşğuldurlar. Əməkdaşımız gedib həmin yerə və görüb ki, Qross və Herkel artıq əməlli-başlı kabab çəkə bilirlər və hal-hazırda düşbərə bişirməyin texnikasını öyrənirlər. “Strasburqa qayıdıb bizim barəmizdə nə deyəcəksiniz?” sualına yeməkdən sonra qoz mürəbbəsi ilə çay içən həmməruzəçilər “Şikəsteyi-fars” üstündə:
“Burda nə dediksə, qüvvədə qalır,
İnanın siz bizə, etməyin naz-qoz.
Biz də özümüzə görə bir kişilərik,
Sözümüz sözdür, yediyimizsə qoz!”
bəndini oxumuşlar.
İqtisadi xəbərlər
Azərbaycan xalqı kef çəkir. Artıq onun nefti Ceyhan limanına çatıb. Bu münasibətlə hal-hazırda Fransada bulunan Prezident İlham Əliyev xalqa təbrik teleqramı ünvanlayıb. Teleqramda deyilir:
“Trubaları atam çəkdi, nefti mən axıtdım, pulları oğlumdan istəyərsiniz! Lazım gələrsə Avropaya qaz trubası da çəkəcəm. Bu halda oğlum qaz vuracaq, nəvəm isə qazan dolduracaq!”
“Barmek”in böyüyü Hüseyn Arabul axır ki, 16 milyard manat ödəməyə razılıq verib. Bununla bağlı açıqlama verən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Nurəli Məmmədov qeyd edib ki, “əvvəlcə vermək istəmirdi, sonra onu MTN-nin təcridxanası ilə yaxından tanış edəndən sonra o, bundan sonra özünü ağıllı aparmağa söz verdi.”
Dünya xəbərləri
Qırğızıstan xalqı Bişkekin mərkəzi meydanında etiraz aksiyası keçirir. MANISPRESS`in Mərkəzi Asiya bürosunun məlumatına görə, kütləvi aksiyada iştirak edən minlərlə insan bu yaxınlarda Azərbaycanda səslənmiş “Qırğızıstanda da Ümummilli lider Heydər Əliyevə heykəl qoyulacaq” xəbərindən hiddətlənmiş və “Ölərik, amma o heykəlin qoyulmasına icazə vermərik” şüarları ilə küçələrə çıxmışlar.
Ermənistan parlamentində sabah yeni sədr seçkisi olacaq. Məclisin iclasının qızğın şəkildə keçəcəyi gözlənilir. Xatırladaq ki, politoloqlar əsas namizədlər arasında Hayrapet Karapetyan, Qriqori Mkrtçyan və Murtuz Ələsgərovun şanslarının daha yüksək olduğu qənaətindədirlər.
Yerevandan gələn xəbərlərə görə, şəhərin kanalizasiyaları iflic vəziyyətdədir. Bunun əsas səbəbi isə Güney Azərbaycanda yaşayan türklərin inqilabı imiş. Belə ki, ermənilər son zamanlar tez-tez tualetə getməyə başlayıblar.
Tiflisdə Müstəqillik günü münasibətilə parad olub. Paradda Gürcüstanın qubernatoru Mişa Saakaşvili əvvəlcə Prezident Corc Buşun təbrik məktubunu oxumuş, sonra osetin və abxazlara “gəlin, qardaş olaq” çağrısında bulunmuş, axırda isə üzünü şimala tutaraq, gözünü yumub, ağzını açmışdır.
Mədəniyyət və Turizm xəbərləri
«Space» Müstəqil Teleradio Şirkətinin Müəllif Proqramları Departamentinin müdiri Mehriban Ələkbərzadə işdən çıxıb. Bu barədə MANISPRESS`ə məlumat verən mənbə bildirir ki, M.Ələkbərzadənin «Space»i tərk edəcəyi xəbəri bir həftədən çox idi ki, şirkətdə dolaşırdı. Nəhayət, yeni direktor Vaqif müəllimlə dəhlizdə rastlaşan M.Ələkbərzadə “Vaqif müəllim…deyirlər…deyirlərrr…ki, məni işdən çıxarmaq istəyirsiniz, bununla belə, buna baxmayaraq… hər halda…Şəki xanlığı…İrəvan xanlığı… ümummilli… kəmər… hamımımız… azərbaycanlılar…” deyərək sözə başlamış, amma Vaqif müəllim söhbətin sonunu gözləməyərək başını bulayaraq kabinetinə girmiş və Mehriban xanımın əmrini imzalamışdır.
İdman və gənclər xəbərləri
Respublikamızın prezidenti Fransada səfərdə olarkən futbol üzrə bu ölkənin milli komandasının təlim-məşq prosesində də iştirak etmişdir. Əvvəlcə futbolçuları səmimi qəlbdən salamlayan cənab İ.Əliyev onlara oyunlarında və şəxsi həyatlarında müvəffəqiyyət arzulamış sonra isə məşhur futbolçu Z.Zidana “məşqdən sonra məni gör, səninlə bir balaca söhbətim var” demişdir. Növbəti gün fransız qəzetlərinin manşetlərində “Zidan – Naxçıvanın “Araz” klubuna transfer olunur” yazılıb.
Müsahibə
Müsavat Partiyasının başqanı İsa Qəmbər AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycanı su yoluna döndərmiş həmməruzəçiləri, adaşlar - Andreas Qross və Andreas Herkellə görüşdən imtina edib. Bunun və digər məsələlərin səbəbini öyrənmək üçün İsa bəydən müsahibə aldıq:
- Salam, İsa bəy! O yetimlərlə niyə görüşmədiniz?
- (qəlyanını yandırır) Əvvəlcə görüşdə iştirak etməyə razılıq vermişdim. Sonradan fikrini dəyişdim, səbəb isə budur: Biz partiya olaraq hazırda böyük oğlumun toyuna hazırlaşırıq və bütün vaxtımızı bu hazırlığa sərf edirik. Artıq nişan da taxmışıq. Nə vaxt imkan olar, həmməruzəçilərlə görüşərik.
- İsa bəy, Sizin bir daha başqan seçilməniz ictimaiyyət tərəfindən birmənalı qarşılanmır…
- (qəlyanını söndürür) Nə qədər ki, İlham Əliyev prezidentdir, mən də Müsavat başqanı olacağam! Niyə ona olar, mənə olmaz?
- Divanda dəyişiklik gözlənilirmi?
- (qəlyanının arxası ilə başını qaşıyaraq fikrə gedir) Hm… Düzünü desəm, ustalarla danışmışam, divanın laxlayan ayaqlarını bərkitmək və üzərinə örtük salmaq istəyirəm ki, qonaq-qara gələndə biabır olmayaq.
Deyirlər…
…Ramiz Mehdiyev yaman səbrli insandır. O qədər səbrli insandır ki, pilləni bircə addım qalxıb da prezident olmaq istəmir…
P.S. Allah bizi səbrinizin daşacağı gündən qorusun, Ramiz müəllim!
…QHT-lər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi hazırlayıblar. Layihədə tövsiyyə olunur ki, dövlət qulluqçularının vəzifə başındaykən vətəndaşlara qarşı işlətdikləri “eşşək”, “donuz”, “it” və s. heyvan adları bundan sonra nisbətən daha yumşaq səslənən “dovşan”, “dələ”, “ceyran” və s. adlarla əvəz olunsun…
…Əli İnsanova soyuq, Azərbaycan şahmatçılarına isə göz dəyib…
Redaksiyaya məktub
Hörmətli redaksiya!
Bizə gəlif çatan məlumatlarda deyerlər ki, Seymur Baycan Zaqatalada olarkən oranın camaatının qorxusundan saqqalını qırxıf! Hələ bu azmış kimi, yanındakı uzunsaç dostundan da saçlarını kəsməyi xahiş edib. Biz - Qazax rayon ziyalıları və zəhmətkeşləri bu xəbəri eşidənədək onun daimi və sadiq oxucularıydıx. Amma onun bu qeyri-konsktruktiv addımından hiddətlənərək, qəzetiniz vasitəsilə ona öz etirazımızı bildirmək qərarına gəldik! Biz S.Baycanın bu hərəkətinin yenilikçiliyə vurulan zərbə olduğunu qeyd etməklə yanaşı, gələcək nəsillərin taleyində də acı fəsadlar törədəcəyini bir daha vurğulayırıq. Seymur, bir də bizim rayon tərəfə ayağın dəyməsin!
İmza: Qazax rayon ziyalıları və zəhmətkeşləri (113 imza)
Başsağlığı:
Azərbaycan müxalifətinə ağır itki üz vermişdir. Aldığımız məlumata görə müxtəlif illərdə “müxalifətin dostu”, “mitinqlər kralı” və s. adları almış Norveçin ölkəmizdəki səfiri Steynar Gilin diplomatik missiyası başa çatmaq üzrədir. Baş vermiş hadisə ilə bağlı Azərbaycan müxalifətinə dərin hüznlə başsağlığı veririk!
Təbrik:
Müxtəlif illərdə “İqtidarın düşməni”, “Uşaq-muşağa qoşulan” adları almış Norveçin ölkəmizdəki səfiri Steynar Gilin diplomatik missiyası başa çatması münasibətlə MSK sədri Məzahir Pənahovu və digər iqtidar yetkililərini səmimi qəlbdən təbrik edir, onlara başağrısız işləmək arzu edirik!
Dosta göndər
|
Çap et
| 1 oxunmaMövzuda cəmi 7 şərh var


İyun 7th, 2006 at 04:47
Bashsagliglardan yenisi:
ALLAH MIKAYIL MIRZEYE rehmet etsin. Qohumlarina, ailesine sebir versin, son wemleri olsun. Hamimiza da, Azerbaijanin bu iri itkisi uchun KECHMISH OLSUN…
İyun 7th, 2006 at 12:57
DEHSHETSINZIQIZ EEE DEYIREM
İyun 7th, 2006 at 15:45
Yenə maraqlı alınıb, Manıs. Çox xoşuma gəldi. Xüsusilə də Mişa Saakaşvili.
İyun 7th, 2006 at 17:56
Müxalifet azerkeslerine salamlar.M-isa Qenber sebrimizi yatirdir.Gözlemekden sebrimiz shisdi. Dünya cempionatindan sonra vetene dönürük elimizden hara qacacaq. Dünya cempionati basa catana qeder bize bir gün aglasin yoxsa mecbur olub özümüze teze mesqci axtaracagiq. Axi biz neye göre her yede, her isde uduzuruq.Bir Iqtidarin komandasina baxin hemise udur.
Men artiq Tinbalanin ekranda geden sesiz kinolarindan incimisem.Bele getse etraf edirem ki,ona bir de mektub yazmayacagam.!!!
İyun 8th, 2006 at 00:31
TINDASIM HEMISEKI KIMI YEKSEN.:)
İyun 10th, 2006 at 01:46
TinBala allah senden razi olsun indi evimizde shenlik var.Musiqi sedalarinda sayta daxil olmaq Andreyass Qross-un Süvalanda cekdiyi kefe benzeyir.Menim xetrim xos oldu sizin de arzulariniz cin olsun.men vetene gele bilmesem de veten bize gelib.Ne olar vali deyisme.men sene coxlu mektublar yazacam.Dankeschön
İyun 12th, 2006 at 11:21
Başsağlıqları ləzzət elədi. birini də mən əlavə edim.
İran millisinin Meksikaya uduzması münasibətilə Xamaneyiyə, Əhmədinejada baş sağlığı verirəm.
Güney Azərbaycanda ara qarışdı, əvvəl ABŞ-ı da udan İran bir Meksikanı uda bilmədi.
Nə gündəsiniz ala….