Siyasi xəbərlər
Azərbaycandakı təkrar parlament seçkilərindən sonra dünyada Darvinin “Təkamül nəzəriyyəsi” təliminə qarşı çıxanların əlinə daha bir fakt keçib. İndi onlar darvinçilərə deyirlər: “Gördünüz? Bəs deyirdiniz meymun inkişaf edib adam olur?” Darvinçilər də qalıblar mat-məəttəl və bilmirlər nə cavab versinlər.
Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin arasında isə lirik poeziya dəqiqələri yaşanıb:
Əli Kərimli:
İsa bəy, deyirdim, əğyar fəndgirdir,
Bu seçkidə boran olar, qar olar.
Sən mənim sözümə qulaq vermədin,
İndi söylə mənə, halın nə olar?
İsa Qəmbər:
Əli bəy, qulaq as, sənə söyləyim,
Sular axar, dəniz olar, çay olar.
Dedim ki, qoy gedim, bir tük qopardım,
Qaban da bu qədər hiyləgər olar?
Xarici İşlər Nazirimiz Elman Məmmədyarov da yaman qaçhaqaçdadır. O, Strasburqa gedəcək ki, köhnə dostu Vardanla görüşsün və dərdləşsin. Onların görüşünə nədənsə “raund” deyirlər və bu da axırda bizi şübhələndirdi. Araşdırmalarımızdan sonra belə məlum oldu ki, E. Məmmədyarovla V.Oskanyan hər görüşdə 5-6 tas nərd atırmışlar. Bunu bilən kimi barmağımızı dişlədik ki, ey dili-qafil, bəs nəyə görə “ATƏT”in Minsk qrupunun həmsədrləri hər dəfə “qarşılıqlı inamsızlıq”dan dəm vururlar. Sən demə Elman və Vardan nərd oynayan zaman bir-birlərinin zər tutmalarından şübhələnir və həmsədrlərdən stəkan tələb edirmişlər.
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da başı qarışıb Kür çayının daşmasına. Bu hadisəyə nazir bərk əsəbiləşib və bildirib ki, “Bu nə çaydır e, başım çıxmır… Burdan qabağını alırsan, ordan daşır, ordan qabağını alırsan, burdan daşır. Ümumiyyətlə, ləğv etmək lazımdır bu çayı. Təcili tədbirlər planı hazırlayırıq. Kür çayının qabağını “Qırmızı körpü”dəcə alıb onu Respublikamızın ərazisinə buraxmayacağıq!”
İqtisadi xəbərlər
Artur Rəsizadə (zəhmətkeşlər “hökumət” deyəndə nəzərdə tutduqları cənab) Bakı-Tiflis-Axəlkələk-Qars dəmir yolu layihəsi barədə danışıb. Qeyd edək ki, bu dəmir yolu açılanda azərbaycanlılar qatara minib Parisə qədər gedə biləcəklər. Azərbaycan “Pravodnik”lər Birliyində də bu hadisə ilə bağlı artıq gizli müşavirə keçirilib və Bakıdan Parisə qədər hər stansiya üçün ayrılıqda qiymətlər müəyyən olunub. Baş naziri isə bir məsələ şübhələndirib. Artur müəllim deyib ki, “Bakı, Tiflis və Qars sözlərində problem yoxdur, amma bu Axalkələk sözü nədənsə mənə “kələk” sözünü xatırlardır, Allah axırını xeyir eləsin”.
Kələkbazlıq azmış kimi Qazaxıstan da bir tərəfdən kəmərini bizə dirəyib ki, mənim də neftimi axıdın. ARDNŞ`dən isə boyumuz-soyumuz bir qıyıqgöz qardaşlarımıza bildiriblər ki, “Əşi, imkan ver, hələ bir özümüzünkünü axıdaq, sizinkinə də baxarıq”.
Dünya xəbərləri
Gürcüstanda ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyublar. Amma sonra məlum olub ki, ölkədə bir dənə də olsun ictimai yer yox imiş. Gürcülərin bu qərarından həvəslənən AR Milli Məclisinin deputatı Zahid Oruc da parlamentimizə “İctimai yerlərdə hərəkət etməmək, baxmamaq, danışmamaq” barədə qanun layihəsi təqdim edib.
İran İslam Respublikasında dərc olunan “İran” dərgisi güneydə yaşayan azərbaycanlılara ümumiləşdirilmiş formada “tısbağalar” adı verib. Qeyd edək ki, İranın ölkəmizdəki səfiri Əfşar Süleymani də güney azərbaycanlıdır. Amma tısbağa olub-olmadığını səfirin özündən soruşmaq lazımdır. Səfiri görmək istəyənlər üçün xatırladaq ki, İranın səfirliyi “Baksovet”dən yuxarıda, Axundov bağının yaxınlığındadır.
Mədəniyyət və Turizm xəbərləri
Prezident İlham Əliyevin fərmanı ilə “Respublikanın Toylar Kralı” Səməd Səmədovun rütbəsi bir pillə qaldırılmış və ona “Respublikanın Əməkdar Artisti” adı verilmişdir. Ailənin məclislərini şənləndirən məşhur Ədalət Şükürov da yaddan çıxmayıb və ona da bu xidmətlərinə görə “Ailənin Əməkdar Artisti” fəxri adı verilib. Qeyd edək ki, Ədalət dünyada yeganə müğənnidir ki, çıxışından qabaq “Oxuyur Ədalət Şükürov” yox, “Danışır Ədalət Şükürov” deyilir.
Qüdrət Həsənquliyev də bu tərəfdən bəyan edib ki, Milli Məclisin televizyonunu yapmaq gərəkir. Deyəsən millətin vəkilləri bekarçılıqdan bilmirlər nə etsinlər. Soruşanda ki, bu nəyə lazımdır, cənab Həsənquliyev bildirib ki, “Biz “Qəfəs” realiti şousunun daha səviyyəli versiyasını göstərəcəyik.
Parlamentimizin spikeri Oqtay Əsədov deyib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin şərəfinə abidənin ucaldılması ilə bağlı təkrar müsabiqə elan olunub. Sən demə abidənin hazırlanması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunan müsabiqəyə təqdim olunan layihələrin heç biri bəyənilməyibmiş. Səbəb – layihələrin heç birində Ümummilli lider Heydər Əliyevlə bağlı işarənin olmaması olub.
Azərbaycan Yazıçılar Birliyində Nuridə Atəşinin “Gəl günaha bataq” kitabının təqdimat mərasimi olub. Mərasimdə Nuridə xanım üzünü Anara tutaraq eyni adlı erotik şeri oxuyanda Anar müəllim birtəhər olub və deyib ki, “Ay qız, mən onsuz da xirtdəyəcən günahdayam, sən “luçşe” Fikrət Qocaya müraciət et”.
Müğənni Samir Bağırov şok açıqlama verərək nəhayət etiraf edib ki, cinsini dəyişəcək. Müğənninin sözlərinə görə indiyədək əyninda olan cins şalvarı artıq köhnəldiyinə görə yenisini almaq fikrindədir.
İdman və gənclər xəbərləri
Eşitdik ki, APA idmançılar arasında sorğu aparıb və iştirakçılardan heç kim Respublikamızın Dövlət himninin söz və musiqi müəlliflərinin adlarını bilməyib. Bunu eşidən kimi, cumduq İdman və Qocalar Naziri Azad Rəhimovun qəbuluna və ondan müsahibə aldıq:
- Hə, Azad müəllim, sizin uşaqlar niyə himnimizin müəlliflərini tanımırlar?
- (gülür) Rəhmətliyin nəvəsi, yenə əvvəllər hərdən-bir yer-zad tuturduq və himn oxuyurduq, indi nəyimizə gərək? (Gülməyinə ara verərək) Yox, zarafatsız deyirəm… Bir özün fikirləş də, ali təhsilli oğlansan…
- Okey, cənab nazir, mən razı! Heç olmasa Siz özünüz bilirsiniz himnin müəllifləri kimdir?
- Hmmm… Səhv etmirəmsə, Polad yazıb, hə? Bülbüloğlu… Ya da Xanım İsmayılqızı… Sözləri də Zəlimxanın olmalıdır. Yeri gəlmişkən, Zəlimxanın əla xəngəl bişirməyi var!
- Azad müəllim, qəzetlər yazırlar ki, sizin nazirlik gənclərə verdiyi mükafatları sonra geri alır. Buna münasibətiniz..
- Ay balam, başa düşün, Allah da verdiyi canı geri alırsa, mən nəkarəyəm? Cəmi 100 gündür nazir maaşı alıram. Mükafatdır da, verən də biz, alan da biz! Şəkk etməyin, düşər-düşməzi olar.
Deyirlər…
- …Gestapo rəisi Ramil Usubov çox, dəhşətli dərəcədə ciddi adamdır. Qətiyyən zarafat götürmür və heç kimlə də zarafat etmir… Xasiyyəti də o qədər tünddür ki, ancaq tünd çay içir. Allah xasiyyətini kəssin!
- …Misir Mərdanov isə, R.Usubovdan fərqli olaraq yaman zarafatcıl adamdır. Nə vaxt baxırsan üzü gülür, gözlərindən işıq saçır… Əlqərəz, çox nurani bir insandır. Amma bir pis cəhəti var ki, Azərbaycanın dövlət dilinə bir qəpiklik hörməti yoxdur! Çünki, nəvəsi rus sektorunda təhsil alır.
- …Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hamını başına yığıb və bütün müqəddəslərə and içib ki, onun rəhbərlik etdiyi təhsil ocağında heç bir müəllim tələbədən rüşvət almır…
- …Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova da özünü böyük aktrisa hesab edir…
- …2007-2008-ci illər ərzində müxalifətçiliyə qarşı geniş peyvənd kampaniyası aparılacaq…
- …MSK sədri Məzahir Pənahov və Norveç səfiri Steynar Gil o dərəcədə dostdurlar ki, aralarından su keçmir. Allah başacan eləsin…
Dosta göndər
|
Çap et
| 1 oxunmaMövzuda cəmi 6 şərh var


May 29th, 2006 at 16:36
YERI VAR CANIM UCUN
May 30th, 2006 at 03:52
HALALDI…UGURLAR…..KISI DEYIL YALAN DEYEN…. TINBALA KISIDI DE……… HALALDI TINBALAYA… UGURLAR!
May 30th, 2006 at 16:35
Vallah bu tinbala olmasa isler cetin olar. bu Darvincilerin taleyi ile Isa beyin cavabi lap lezzetli realliqdir….esq olsun!
May 30th, 2006 at 16:40
bir de ki, basa dusmedim. bu bizim Mezi ile Steynar Gilin aralarindan su kecmemesi ne anlam verir….? o hansi menadadir?
…. Tinbala yeke kisisen, niye soyus eleyirsen?
May 30th, 2006 at 18:01
Deyirem bu QIrgizlar Neter utanmaz, bivefa, eclafdilar e! AYIB OLSUN ONLARA!
Noyabr 24th, 2006 at 01:42
Qırğızlar hardan çıxdı ale?